Rusiyanın 2022-ci il fevralın 24-də bütün Ukraynanı ilhaq etmək və ya ən azından qərbyönlü idarəçiliyini dəyişmək üçün başlatdığı münaqişə prosesinin sonuna gəldik. Bunu son son deyil, aralıq kimi təsvir etmək daha doğru ola bilər. Amerika Birləşmiş Ştatlarının (ABŞ) və Böyük Britaniyanın 30 ildir fəaliyyət göstərən NATO-nu şərqə doğru irəlilətmək planlarında yeni mərhələlərin şahidi olacağımız şübhəsizdir. İkinci qışına qədəm qoyan müharibənin sona çatmasına səbəb olacaq əsas amil tərəflərdən birinin qurduğu hərbi üstünlükdən çox, Ukrayna uğrunda aparılan mübarizənin iqtisadi dayanıqlığının olmamasıdır. Son 2 ildə Ukraynaya silah və sursat göndərən NATO ölkələrinin, xüsusən də ABŞ-nin həm istehsal gücü, həm də siyasi mühiti ilə Zelenski administrasiyasını dəstəkləməsi artıq mümkün deyil. Ukrayna Prezidenti Zelenskinin dekabrın 11-12-də Vaşinqtonla təmasları bu faktı açıq şəkildə ortaya qoydu. Belçika hökuməti Ukraynaya göndərdikləri silah və sursatlar səbəbilə mümkün müharibədə “daş atmağa” hazır olduqlarını gizlətməyib, Almaniya isə etiraf edib ki, 2023-cü ilin dekabrına kimi hərbi potensialının nə özünü, nə də NATO-nu müdafiə etməsi mümkün deyil.
Respublikaçılar Ukraynaya yardıma icazə verməkdən imtina edirlər
Müharibə başlayandan bəri Ukraynaya 111 milyard dollarlıq hərbi və iqtisadi yardım edən ABŞ-də daxili siyasi tarazlıqlar yardım üçün yeni addımların atılmasına imkan vermir. Dekabrın 6-da respublikaçılar ABŞ Prezidenti Co Baydenin Ukraynaya 61 milyard dollar, İsrailə isə 14 milyard dollar yardım daxil olmaqla 105 milyard dollarlıq büdcə tələbini rədd ediblər. Respublikaçıları inandırmaq üçün müdafiə naziri Lloyd Ostinin göz qorxutma metodları və Baydenin “Putinin qalib gəlməsinə icazə verməməliyik” kimi aşıqlamaları da respublikaçıların fikirlərini yumşaltmış kimi görünmür. Üstəlik, ABŞ-də ictimai rəy sorğuları Donald Trampın 2024-cü il prezident seçkilərində ən böyük favorit olduğunu göstərir. Trampın Ağ Evə qayıdarkən verəcəyi ilk qərarlardan birinin Ukraynadakı müharibəyə dəstəyi kəsmək olacağını proqnozlaşdırmaq çətin deyil. Dekabrın 12-də Prezident Baydenlə Ağ Evdə keçirilən mətbuat konfransında iştirak edən Zelenskinin tədarük edə bildiyi yardım təsəlli olaraq 200 milyon dollarla məhdudlaşıb. Belə görünür ki, ABŞ Konqresi Zelenskiyə arzuladığı Milad hədiyyəsini vermək istəmir. Zelenski administrasiyası Rusiya ilə müharibəyə başlayarkən, onun ABŞ və avropalı müttəfiqlərinə olan qeyri-məhdud etimadının bugünkü dünyanın reallıqları qarşısında dəyərsiz olduğu barədə bahalı dərs aldı.
Müharibənin iqtisadiyyat siyasəti
Əslində bu dərs 1935-ci ildə alman generalı Erix fon Ludendorfun yazdığı “Der Totale Krieg” (Total Müharibə) əsərində izah edilib. General Ludendorf Birinci Dünya müharibəsindən əldə etdiyi təcrübələr nəticəsində müharibənin taleyinin cəbhə xətti ilə yanaşı, cəbhə xəttinin arxasındakı siyasi, iqtisadi, texnoloji və psixoloji inkişaflarla müəyyən ediləcəyi diaqnozunu qoydu. Əslində, faşist Almaniyası, İtaliya və Yaponiyanın müharibənin özünəməxsus iqtisadiyyat-istehsal münasibətlərini başa düşməməsi Ludendorfun kitabının nəşrindən 10 il sonra məğlubiyyətdə əsas rol oynadı.
Bu gün Ukraynanı resurslarının son nöqtəsinə gətirən və ABŞ-yə ovuç açmağa məcbur edən bundan fərqli bir proses deyil. 1994-cü ildə Budapeşt Memorandumu ilə Ukrayna öz təhlükəsizliyini ABŞ və Böyük Britaniyaya həvalə etdi və bunun müqabilində 225 ədəd X-22 idarə olunan raketini, 30 ədəd “Tu-22M” və 19 ədəd “Tu-160” tipli strateji bombardmançı təyyarələrini məhv etməyə razılaşdı. Əgər 2022-ci ilin fevralında adı qeyd olunan vasitələr və sursatlar Ukraynanın əlində olsaydı, şübhəsiz ki, münaqişənin inkişafı başqa cür olardı və Ukrayna Prezidenti Qərb paytaxtlarına baş çəkib silah və pul axtarmağa məcbur olmazdı.
Boşa çıxan əks-hücum Zelenskiyə inamı sarsıtdı
Müharibədə bilavasitə iştirak edən bütün tərəflər bilirlər ki, Kiyev administrasiyası əks-hücum üçün ona verilən imkanlardan istifadə edə bilməyib. İyun ayında başlayan əks-hücumun həm Donbasda, həm də Krım cəbhəsində heç bir mühüm irəliləyişlə nəticələnməməsi Zelenskinin siyasi və hərbi heyətinə inamı məhv etdi. Məhdud insan resurslarını israf etməmək istəyi ilə Qərb ölkələrinin təqdim etdiyi ən yüksək texnologiyalı silahları gözləmək seçimi arasında qalan Ukrayna administrasiyasının bu addımının ləngiməsi Rusiyaya müdafiə xətlərini keçilməz etmək üçün lazım olan vaxt verdi. Üstəlik, Moskva administrasiyası müdafiə sənayesinin potensialını artırmaq və sanksiyalara məruz qalan iqtisadiyyatını yeni şərtlərə uyğunlaşdırmaq üçün bu dövrdən səmərəli istifadə etdi.
Ukraynanın Baş Qərargah rəisi Valeriy Zalujnının noyabrın əvvəlində “The Economist” jurnalına verdiyi müsahibədə Ukrayna ordusunun müdafiə müharibəsində uğur qazanmasına baxmayaraq, Rusiya ordusuna hücum etmək imkanı və qabiliyyətlərinin olmadığını etiraf edirdi. Zalujnı gözləntilərini belə izah edir: “Əks-hücum planlaşdırarkən NATO kitabçaları əsasında apardığımız hesablamalara görə, Krımı ələ keçirməyimiz üçün 4 ay kifayət edəcəkdi. Gündə 35 kilometr irəliləyəcəyimizi gözləyirdik”. O, gözlənilən irəliləyiş əldə edilmədikdə nə etdiyini isə belə izah edir: “Sovet ordusunun general-mayoru P. S. Smirnovun 1941-ci ildə çapdan çıxmış, Birinci Dünya müharibəsi təcrübələrini təhlil etdiyi “Gücləndirilmiş Müdafiə Xətlərini Aşmaq” (Breaching Fortified Defence Lines) adlı kitabını sifariş etdim və onu yenidən oxuyarkən yolun yarısına çatmamış çıxılmaz vəziyyətdə olduğumuzu anladım”.
Təbii ki, öz ərazisində 100 il əvvəl aldığı dərsdən belə xəbəri olmayan bir ordu ilə həyata keçirilən ekspedisiyanın məqsədinə çatmasını gözləmək olmazdı. Beləliklə, bütün bu inkişaf və şərtlər nəticəsində Qərb dünyası özünü uğursuz hiss edirmi? Bu sualın cavabı gözlənildiyi kimi olmaya bilər. SSRİ-nin sərvətlərini tükəndirməkdə Əfqanıstan müqavimətinin dəyərini sınayan ABŞ, görünür, analoji tələ üçün Ukraynadan istifadə edib.
300 min Rusiya hərbi qulluqçusunu heç bir hərbi qulluqçu itirmədən məhv etmək
Qeyd etmək lazımdır ki, ABŞ və Böyük Britaniyada qərar qəbul edənlər məsələyə sırf praqmatik prizmadan yanaşırlar. Onların nöqteyi-nəzərindən bu münaqişə Vaşinqton-London tərəfdaşlığı üçün bir neçə aspektdə sərfəli oldu. Onlar ilk növbədə öz müdafiə büdcələrinin kiçik bir hissəsini istifadə etməklə, Rusiyanın hərbi imkanlarını və resurslarını yarıbayarı azaltdılar, üstəlik, bir Britaniya və ya ABŞ hərbi qulluqçusunu itirmədən bu məqsədə çatdılar.
İkincisi, Avropa qitəsi, xüsusilə Almaniya ilə Rusiya arasında enerjiyə əsaslanan əməkdaşlığı kəsdilər. Avropa ABŞ-nin daha yüksək qiymətə satdığı mayeləşdirilmiş təbii qazın bir nömrəli müştərisi oldu. Ukrayna ərazi itkiləri versə də, nəzərə almaq lazımdır ki, Avropa İttifaqı (Aİ) və NATO-nun sərhədləri Moskvadan 500 kilometr uzaqdadır. Rusiya sualtı qayıq donanmalarının yerləşdiyi Murmansk Bazasının yanında yerləşən Finlandiyanın NATO alyansına daxil olması da ABŞ-nin elektron kəşfiyyat baxımından qazanmasında mühüm yer tutur.
Məsələnin rus ölçüsünə nəzər salsaq, Kreml sarayının şüarı “Yıxılmadım, dayanıram” ola bilər. Rusiyada siyasi, iqtisadi və mədəni strukturu çökdürməyi hədəfləyən Ukrayna cəbhəsindən gələn hücum ən azından indilik dəf edilib. Onlar da təcrübə vasitəsilə öyrəndilər ki, 1991-ci ildə SSRİ-nin dağılmasına imza atan o vaxtkı lider Mixail Qorbaçovun Qərb liderlərindən “NATO-nun şərqə doğru genişlənməyəcəyi” ilə bağlı aldığı şifahi təminat boş vəddir. Aldıqları yaralara baxmayaraq, müharibədən sonra yenidən formalaşdırılacaq dünya nizamında iqtisadi cəhətləri vurğulayan fərqli bir fantastika ilə səhnəyə çıxacaqlar.
2024-cü ildən başlayaraq, Zelenski administrasiyasının danışıqlara təzyiq göstərən Qərb dövlətləri ilə oynayacağı künc-boğaz oyununu izləyəcəyik. Unudulmamalıdır ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns ötən ilin yazından rusiyalı həmkarları ilə danışıqlar aparır. Ukrayna Prezidenti ölkəsinin bütün ərazilərini geri alana qədər mübarizə aparacağını iddia etsə də, danışıqlar masasını qurmaq üçün Vaşinqtonla Moskva arasında aparılan sövdələşmədə özünün də indi şahmat taxtasındakı yan keçilə bilən bir daş olduğunu nəzərə almalı olacaq.
Sevinc Əliyeva
Ordu.az